PAYTAXT XƏBƏRLƏRİ

Sabunçudakı partlayışda xəsarət alanların son durumu açıqlanıb - VİDEO

Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Sputnik
BAKI, 10 may — Sputnik. Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb ediliblər.
Qeyd olunub ki, hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan beş nəfər (üçü kişi, ikisi qadın) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Eyni zamanda, yanıq xəsarətləri ilə iki nəfər (biri kişi, biri qadın) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, bu gün Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış olub. Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub. 1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.
Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayışın ilkin səbəbini açıqlayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.