BAKI, 10 may — Sputnik. Qarşıda gözlənilən Brüssel danışıqları Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ümumilikdə biz bu prosesi müsbət qiymətləndiririk. Müxtəlif səbəblərdən danışıqlar prosesində ləngimələr olur. Azərbaycanın bu məsələyə yanaşması hər zaman davamlı və ardıcıldır. Azərbaycan münasibətlərin normallaşmasının tərəfdarıdır. Təəssüf ki, zaman-zaman Ermənistan tərəfindən qeyri-ardıcıl yanaşmalar, fikirlər səsləndirilir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olub. Bu danışıqlar beynəlxalq vasitəçilərin rolu ilə yenidən baş verib. Bəlli bir fasilədən sonra liderlərin görüşü müsbət bir haldır. Yəqin ki, danışıqlar və onun nəticələrini gözləməyə çox qalmayıb", - o əlavə edib.
Xatırladaq ki, "Financial Times" yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi ilə danışıqlar aparacaqlar.
Adının açıqlanmasını istəməyən diplomatlardan biri Brüsseldəki görüşün mühüm irəliləyiş əlaməti olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır.
İyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Paşinyan və Mişel Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla da görüşməyi planlaşdırır.