PAYTAXT XƏBƏRLƏRİ

Bakı metrosunun iş vaxtı bir saat uzadılıb

Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq.
Sputnik
BAKI, 10 may — Sputnik. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq.
Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək.
Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 100-cü ildönümüdür.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.