Heydər Əliyev ili

Azərbaycan Prezidenti: Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır

"Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".
Sputnik
BAKI, 10 may — Sputnik. "Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır".
Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Dövlətimizin başçısı imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunduğunu vurğulayaraq bildirib ki, ilin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilib və keçiriləcək.
Prezident qeyd edib: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".
"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır", - deyə Azərbaycan Prezidenti bildirib.