CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faşizm üzərində qələbənin ildönümüdür

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.
Sputnik
BAKI, 9 may - Sputnik. Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir.
Faşizm üzərində qələbədən 78 il ötür.
Azərbaycan xalqı artıq üçüncü ildir ki, faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb. Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə imza atıb. Amma 44 günlük Vətən müharibəsilə qazanılan zəfər ölkənin tarixinə ən parlaq qələbə kimi həkk olunub.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.
Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.