Ermənistandan əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik - Ombudsman

Səbinə Əliyeva bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edib.
Sputnik
BAKI, 9 may - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib.
Ombudsman Aparatından verilən xəbərə görə, məlumatda deyilir:

"2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun qanunsuz olaraq azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyirik".

Daha sonra məlumatda deyilir ki, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normalara zidd olaraq azərbaycanlı hərbi qulluqçuları qəddarcasına işgəncələrə məruz qoyan Ermənistan indi də qondarma "məhkəmə prosesi" təşkil etməklə, beynəlxalq və prosessual normaları kobud şəkildə pozaraq onları qanunsuz olaraq azadlıqdan məhrum edib.
"Daha əvvəl Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar tərəfimizdən beynəlxalq və regional təşkilatlara müraciət edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanıb".
Ombudsman Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edərək, azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edib.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm", - deyə sənəddə bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.