HƏRBİ

"Cəhənnəm silahı"nın komandiri: "Təkbaşına 11 tankı geri qaytardım"

Böyük Vətən müharibəsinin sağ qalan 96 azərbaycanlı veteranından ən yaşlısı - 107 yaşlı Hilal İbrahimov 9 May - Qələbə günü ərəfəsi müharibə xatirələrini oxucularımızla bölüşüb.
Sputnik
BAKI, 9 may — Sputnik. Mayın 9-da faşizm üzərində Qələbənin 77-ci ili tamam olur. Bu Qələbədə Azərbaycanın da böyük payı var. Söhbət təkcə müharibənin taleyini həll edən Bakı neftindən və neftçilərindən getmir. Bu savaşda 800 minədək azərbaycanlı döyüşçü kimi iştirak edib. Onların yarıdan çoxu müharibədə həlak olub. Azərbaycanlılar öz qəhrəmanlıqları ilə də İkinci Dünya müharibəsində ad qazanıblar. Təsadüfi deyil ki, Sovet İttifaqı qəhrəmanları arasında 120-dən çox azərbaycanlı var!
Bizim qəhrəmanımız isə hazırda sağ qalan, Azərbaycanın ən yaşlı müharibə iştirakçısı Hilal İbrahimovdur. Onunla həmsöhbət olmaq üçün hazırda yaşadığı ünvana yollandıq.
107 yaşlı veteranla görüş
Hilal İbrahimov ömrünün 107-ci baharını yaşasa da, müharibə xatirələrini unutmayıb. Döyüşərək müharibənin bütün sərt cəbhələrini yarıb keçən həmsöhbətimiz o günlərdən danışarkən dərindən köks ötürür. O günlərin canlı şahidi kimi danışdıqca, göz yaşlarını saxlaya bilmir.
İbrahimov Hilal İsa oğlu 1915-ci ildə Azərbaycanın Ağcabədi rayonu, Sarıcalılar kəndində doğulub. Məktəbin qabaqcıl şagirdlərindən olan Hilal Tibb Universitetinə qəbul olub, həkimlik peşəsinə yiyələnsə də, müharibə ona öz ixtisası üzrə uzun müddət işləməyə imkan vermir. Hilal könüllü müharibəyə yollanır. 1941-ci ilin iyun ayının 22-də müharibəyə gedən Hilal İbrahimovun döyüş yolu Berlinə, daha sonra isə Yaponiyaya qədər davam edir.
Hilal İbrahimov
Hilal baba müharibədə Stalindən Fəxri Fərman belə alıb: "1945-ci ilin sentyabrında müharibə başa çatsa da, sovet döyüşçüləri Mancuriyanın azad edilməsi uğrunda döyüşlərə başladı. Mən məşhur Xinqan əməliyyatında iştirak etdim. Məhz bu döyüşlərdə fərqləndiyim üçün 1945-ci ildə SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Vissarionoviç Stalinin 372 saylı əmri ilə Fəxri Fərmanla təltif olundum".
Böyük Vətən müharibəsində faşistlərin canına vəlvələ salan "Cəhənnəm silahı"nın komandiri olan H.İbrahimov keçdiyi şərəfli döyüş yolundan ağızdolusu danışır: "Mən "Cəhənnəm silahı" adlanan Katyuşanın komandiri idim. Yüngül yaralansam da, döyüşdən qalmırdım. Əlilliyi üstümə götürmək istəmirdim.
Faşistlər göydən bombanı yağış kimi tökürdü. Bomba düşəndə qulağım zədələndi. 7-8 nəfər döyüşçü yoldaşlarımın hamısı ağır yaralandı. Mən döyüş meydanında tək qaldım. Yaralansam da, özümü itirmədim. Topun arxasına keçərək düşmənin 11 tankını geri qaytarmağa müyəssər oldum. Almanların "Tiqr" tankını belə geri qaytarmışdım. Bu, müharibədə böyük şücaət sayılırdı. Elə Stalindən Fəxri Fərmanı da bu igidliyimə görə aldım".
Hilal İbrahimovun fotosu
Kursk, Belqorod, Saratov eləcə də digər əyalətlərdə gedən döyüşlərdə iştirak edən həmsöhbətimiz deyir ki, Qələbənin qazanılmasında Azərbaycan və azərbaycanlıların töhfəsi danılmazdır. Müharibənin elə ilk günlərindən azərbaycanlı əsgərlər öz rəşadəti ilə fərqlənməyi bacarıblar.
Hilal İbrahimov müharibədən qayıtdıqdan sonra ailə həyatı qurur. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı olur. Müharibədən sonra H.İbrahimov təhsilini davam etdirir, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur.
Təqaüdündən cəbhəyə yardım edən veteran
Ondakı vətənpərvərlik ruhu övladlarına da sirayət edir. H.İbrahimovun bir qızı, Rafina İbrahimova uşaq həkimi olsa da, 1-ci Qarabağ müharibəsinə könüllü döyüşə yollanır. Xocalıda əsir götürülən R.İbrahimova 1-ci qrup əlildir. Bununla belə o, atasının qayğısına qalır.
Hilal İbrahimovun hərbi bileti
Qarabağın işğaldan azad olunması İbrahimovlar ailəsinə ikiqat sevinc bəxş edib. Hilal baba əsirlikdə düşmən əlində qalan qızına verilən amansız işgəncələrin, o torpaqlarda qanı tökülən şəhidlərimizin intiqamının alındığını söyləyir: "Qarabağ mənim sağalmaz yaram idi. Prezident İlham Əliyevin veteranlarla son görüşündə mən də iştirak etmişdim. Onun komandanlığı altında torpaqlarımızın işğaldan azad ediləcəyinə inandığımı söyləmişdim. Bu görüşdən az sonra bizim qəhrəman oğullarımız Qarabağı yağı tapdağından azad etdilər. Müharibədən gələn xəbərləri anbaan izləyirdim. Ürəyim o torpaqlarda döyünürdü. Şuşada başa çatan qələbəmizdən sonra prezidentimizə teleqram vuraraq onu təbrik etdim".
P.S. 44 günlük Vətən Müharibəsi dövründə H.İbrahimov cəbhəyə yardım üçün öz təqaüdündən 800 manat göndərdib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.