CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Eynal Söhbətov 1942-ci ildə Ukrayna cəbhəsində, Xarkov şəhəri yaxınlığında ağır yaralanıb və alman ordusu tərəfindən əsir götürülüb.
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsində qazanılan Qələbədə azərbaycanlıların rolu əvəzolunmazdır. Azərbaycan oğullarının qəhrəmanlığı post-sovet məkanında dillərə dastan olacaq qədər çox olub. Belə  qəhrəmanlarımızdan biri  də Şabran sakini Eynal Bayəli oğlu Söhbətovdur. E.Söhbətovun oğlu Bayəli Əliyev atası barəsində məlumatları Sputnik Azərbaycan-la bölüşüb. Onun sözlərinə görə, atası 1922-ci ildə Xızı rayonuun Qızıl Qazma kəndində dünyaya göz açıb. 1939-cu ildə hərbi komissarlığın xətti ilə Gürcüstana Tiflis quru qoşunları və piyadalar orta-ali zabitlər məktəbinə göndərilir,  oradan da müharibəyə yola salınır. Müharibə zamanı bir çox döyüşlərdə qəhrəmancasına vuruşur və döyüşlər gedə-gedə  hərbi rütbələri yüksəlir. O, 1941-ci ildə baş leytenant, 1942-ci ildə isə kapitan rütbəsini alır. Yaxşı döyüş nümayiş etdirdiyinə görə rota komandiri vəzifəsinə yüksəlir. Həmin illərdə bir çox əsgərləri əsir düşməkdən xilas edir.

Təəssüflər olsun ki, elə 1942-ci ildə Ukrayna cəbhəsində, Xarkov şəhəri yaxınlığında ağır yaralanır və alman ordusu tərəfindən əsir götürülür.

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Söhbətov və onun silahdaşları Almaniyanın Drezden şəhərində hərbi əsirlər üçün nəzərdə tutulmuş düşərgəyə gətirilir və burada müalicə alır. Bu müddət ərzində o, alman və digər dilləri öyrənməyə başlayır. 1944-cü ildə alman ordusunda xidmət edən türk əsilli zabit tərəfindən Eynal və silahdaşları 120 nəfərlə İtaliya Respublikasının Pyançentsa şəhərinə gətirilir. Türk əsilli alman zabitinin onları bura göndərməkdə məqsədi onları xilas etmək olur. Çünki Almaniyaya nisbətən İtaliyada əsirlərə daha yaxşı rəftar olunurdu. Burada Eynal və İbrahim İbrahimov 3 italyan qadının köməyi ilə oradan qaçır və özləri ilə birlikdə 31 nəfərlik heyəti də xilas edirlər. Tezliklə E.Söhbətov yerli partizanlarla əlaqəyə girir. O, aldığı tapşırığa əsasən alman faşistlərinin Pyançentsa şəhərində yerləşən qərargahına basqın edərək oranı partladır. Burada general və zabitlərə məxsus hərbi sənədləri ələ keçirir.

Bu barədə İtaliyanın “Unita” qazeti  də çox böyük məqalə yazıb. Almanlar onu öldürən və yaxud sağ tutan şəxsə çox böyük məbləğdə pul vəd ediblərmiş.

Daha sonra o, qənimətləri ələ keçirən gecə yerli partizanlarla birgə 80 nəfər azərbaycanlı əsirləri hərbi əsirlər düşərgəsindən qaçırır, Avropa Azadlıq və İtaliya Müqavimət Qərargahına təhvil verir.

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Bir müddətdən sonra onu və 37 nəfəri Haribaldi adına briqadaya gətirirlər. Briqada komandiri kapitan Effe, komissar Canino və Kovalino onları qarşılayır və yaxınlıqdakı Pantoqroş kəndinə gecələməyə aparır.

Kapitan Effe əsir partizanlarla keçirdiyi görüşdə onların briqadasının məxfi adının “Distikometruşli”, yəni rus heyəti olduğunu, bundan sonra həmin 31-ci briqadaya sovet ordusunun əsir zabiti mayor Söhbətov Eynal Bəyəli oğlunun rəhbər təyin olunduğunu elan edir.

E.Söhbətovun briqadası alman faşistlərinin hərbi obyektlərinə, hava limanı körpülərinə, dəmir yollarına, almanların silah-sursat olan ərazilərinə ani hücumlar edərək verilən tapşırıqları dəqiq yerinə yetirir. Onun əsas hərbi əməliyyatları  Sasamanjoru Madden Parm, Fedasino, Pyançenitsa şəhərlərinin ərazilərində olur. 1945-ci ilin mart ayında komissar polkovnik Belenic 31-ci briqadaya Almaniyadan hərbi silah-sursat gətirən qatarın partladılması əmrini verir. Dəmir yolu almanlar tərəfindən xüsusi mühafizə olunurdu. Çətinliyə baxmayaraq, E.Söhbətovun rəhbərliyi ilə komandası bu çətin tapşırığı layiqincə yerinə yetirir. Bu barədə də “Unita” qəzeti geniş yazı hazırlayıb.

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Aprel ayında onlara almanların sonuncu qərargahının ləğvetmə əmri verilir. E.Söhbətovun və partizanların hücumu nəticəsində faşist generalları, zabit və əsgərlərinin bir çoxu əsir alınır və 45 gün əsirlikdə saxlanılır.

E.Söhbətov 1944-cü ildə Avropa Azadlıq və İtaliya müqavimət hərəkatında göstərdiyi igidliyə görə müttəfiq qoşunları Ali baş komandanlığı tərəfindən silahla, Mərkəzi Aralıq Dənizi Ali Baş Komandanlığı tərəfindən “Patriot” adı və attestatı ilə təltif olunur. İtaliya Respublikasının alman faşistlərindən təmizlənməsi, onların hər vasitə ilə məhv edilməsinə, uğurlu döyüş əməliyyatlarına görə Eynal Bəyəli oğlu Söhbətova İtaliya prezidenti tərəfindən İtaliya Respublikasının “Milli Qəhrəmanı” adı verilir, Haribaldi adına “Qızıl Ulduz“ medalı ilə təltif olunur. Qəhrəmanımıza xüsusi işlənilmiş qılınc təqdim olunur.

Daha sonra 31-ci Haribaldi briqadasının komandiri Effenin başçılıq etdiyi partizanlar Parma şəhərinə gətirilib orada rus partizan hərəkatına təhvil verilir. Burada onlara məxsus bütün sənədlər toplanır və yoxlanışa göndərilir. Qəhrəmanlıqları ilə ad qazanmış həmyerlimiz və yoldaşları 1945-ci ildən 1947-ci ilə qədər Donbasda şaxtada işləməli olurlar. Və burada baş verən qəzadan sonra onlar sərbəst buraxılırlar. Eynal bəy 1947-ci ildə vətənə qayıdır və bir müddət sonra ailə həyatı qurur.

O, 1946-1953-cü illərdə SSRİ DTK-nin nəzarətində olur.

1953-cü ildə vəfat edir.

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

E.Söhbətovun oğlu Əliyev Bəyəli Eynal oğlu bizə atası ilə bağlı sənədləri tapmaq üçün çox çətinliklərdən keçdiyini bildirib: ”Atamla bağlı məlumatlar toplusu Milanın Tarix İnstitutunda saxlanılırdı. Mən bu məlumatları öyrənənə kimi çox əziyyətlərdən keçdim. Sənədlərin arxivdən götürülməsində Florensiya Universitetinin professoru Renata Rezzaritinin böyük əməyi oldu. Şabranda oturub Milandan arxivdən sənədlər çıxartmaq mənim zənnimcə, hər oğulun hünəri deyildi. Amma mən bunu bacardım.

Burada mən təkcə atamı düşünmədim. Atamdan başqa 35 nəfər azərbaycanlının sənədləri var idi. Sənədlər bizə verilmirdi. Və təəssüflər olsun ki, burada da ermənilərin əli var idi. İnstitutda çalışan erməni əsilli aparıcı işçilər hər dəfə biz sorğu verəndə sənədləri gizlədirdilər. Amma Renata Rezzaritinin köməyi ilə biz çox çətinliklə sənədləri əldə edə bildik.

Onu da qeyd edim ki, atam rəhmətə gedəndə mənim 4 yaşım vardı. Və mən hər zaman belə mərd, qorxmaz bir insanın oğlu olduğuma görə fəxarət hissi keçirmişəm”.