CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xınalıq və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına salına bilər

"Xınalıq və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib
Sputnik
BAKI, 8 may — Sputnik. Bu ilin sentyabr ayında "Xınalıq və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, "Xınalıq mədəni landşaftı və Köç yolu" adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq. Azadə Hüseynova əlavə edib ki, nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Məlumat üçün bildirək ki, Xınalıq (yerli dildə: Kətiş) Quba rayonunun ərazisində yerləşir. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən olan xınalıqlıların tarixi və mərkəzi məskənidir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə olan, 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.