BAKI, 8 may — Sputnik. Ankaradan Rusiyaya qarşı sanksiyalar tələb edən Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini lazımi səviyyədə qiymətləndirmir, lakin eyni zamanda "taxıl sövdələşməsini necə həyata keçirəcəklərini demirlər". Bunu Türkiyə Prezidentinin köməkçisi İbrahim Kalın bildirib.
Kalının fikrincə, Ərdoğanın şəxsi diplomatik səyləri olmasaydı, taxıl sazişinə nail olmaq və uzadılması mümkün olmayacaqdı.
"Eyni zamanda, Qərb Ərdoğanın haqqını vermir və hər fürsətdə soruşurlar ki, niyə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmirsiniz? Bəs biz sanksiyalar tətbiq etsək, o zaman taxıl sazişini necə həyata keçirə bilərik?" – deyən Kalın, mayın 18-dən sonra sazişinin uzadılmasının mümkün olacağına ümid etdiyini bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. 2023-cü il martın 18-dən Rusiya müqavilənin müddətini 60 gün - mayın 18-dək uzadıb.
Kalın, Ankaranı heç vaxt birliyə qəbul etməyən Aİ-ni də tənqid edib və digər namizəd ölkələrlə bağlı irəli sürülməyən tələblər də daxil olmaqla, tələblərin siyahısını açıqlayıb.
Kalının fikrincə, bir sıra Qərb ölkələrinin Türkiyə ilə bağlı 60-cı illərdən qalan öz köhnəlmiş imici var.
"Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edin, Ermənistanın bütün tələblərini yerinə yetirin, Aİ-nin bütün tələblərini yerinə yetirin, amma bunun müqabilində heç nə gözləməyin. Bizə qarşı belə bir münasibət var. Biz bu cür münasibətin kökündən əleyhinəyik", - deyə o bildirib.