BAKI, 8 may — Sputnik. Cari ildə Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin məlumatında deyilir.
Agentliyə görə, 2022-ci və 2023-cü ilin ötən dövrü ərzində Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki illə müqayisədə 15 faiz artaraq 8 milyard kubmetr təşkil edib.
2023-cü ilin 1-ci rübündə qaz hasilatı 3 faiz artıb
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə kommersiya istismarı başlanandan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub.
2023-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanda 12,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 6,7 milyard kubmetri "Şahdəniz"dən, 2,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur. Rüb ərzində Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.