BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Sputnik Azərbaycan əfv Sərəncamı ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikirlərini öyrənib.
Çingiz Qənizadə bildirib ki, onlar da bu əfv Sərəncamının digərləri ilə müqayisədə öz sayına və tərkibinə görə daha geniş olmasını gözləyirdilər: "Gözləntilərimiz özünü doğrultdu. Əfv institutu tarixində ilk dəfədir ki, 801 məhkum əfv olunur. Yüzlərlə şəxs bu əfv sərəncamının təsir dairəsinə düşüb. Biz hüquq müdafiəçiləri bu cür humanist addımları hər zaman alqışlamışıq. Sərəncamın bu qədər geniş bir əhatə dairəsi olmasına görə də Azərbaycan Prezidentinə təşəkkür edirik. Hesab edirik ki, bu gün əfv edilənlər 801 nəfər deyil, onların yaxınları, dostları, qohumlarını da saysaq, minlərlə insana sevinc bəxş edildi".
Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, bu əfv sərəncamı çox böyük humanist addımdır: "Bu humanist qərar nəticəsində yüzlərlə insan ailələrinə qovuşacaq. Bundan sonrakı mərhələdə həmin insanların cəmiyyətə yenidən inteqrasiyası üçün davamlı addımlar atılmalıdır. Bu sərəncam insanların yenidən cəmiyyətə qazandırılması, bundan sonrakı həyatlarını qanunlara uyğun yaşamasında təşviqedici addım hesab edilə bilər".