HADİSƏ

Tanınmış plastik-cərrah Novxanıdakı bağ evində əri tərəfindən qətlə yetirilib

Araşdırma zamanı Türkiyə vətəndaşı Muhammet Gündüzün həyat yoldaşı Türkan Gündüzü aralarında yaranmış mübahisə zəminində ona bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsi barədə əsaslı şübhələr yaranıb.
Sputnik
BAKI, 7 may - Sputnik. Azərbaycanın Abşeron rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı saxlanılıb. Bu barədə Abşeron rayon prokurorluğundan bildirilib.
Qeyd olunur ki, mayın 7-də gecə yarısı radələrində nəzarət orqanına 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölümü ilə bağlı məlumat daxil olub.
“Araşdırma zamanı 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün həyat yoldaşı Türkan Gündüzü aralarında yaranmış mübahisə zəminində ona bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsi barədə əsaslı şübhələr yaranıb”, - məlumatda deyilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Gündüz şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı ibtidai istintaq davam edir.
***
Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.
Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.
Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbə baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.