BAKI, 6 may - Sputnik. "Qarabağda yaşayan və qanunlarımıza əməl edən ermənilər Azərbaycan vətəndaşlığı ala biləcək". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir:
"Bununla bağlı hər hansısa qərar olacaqsa, biz də o qərarı icra edəcəyik. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda artıq istər səyyar, istərsə də "ASAN xidmət" təmin olunacaq ki, onlara sənəd verilsin".
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
“Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.