BAKI, 6 may — Sputnik. "Vaşinqton görüşü XİN rəhbərləri arasında müharibədən sonrakı dövrdə ən çox davam edən diplomatik görüş oldu və bunun Azərbaycan diplomatiyası üçün faydalı olduğunu düşünürəm". Bunu Sputnik Azərbaycan-a Vaşinqton görüşünün nəticələrini şərh edərkən konfliktoloq Elman Vəliyev deyib.
Yekun sülh sazişinin Vaşinqton vasitəsilə əldə olunacağı ehtimal edilmir
Konfliktoloq Elman Vəliyev görüşü Azərbaycan üçün müəyyən qədər faydalı hesab etsə də, ancaq əsas məsələlərdə hələ də razılıqların əldə edilmədiyini vurğulayıb:
"Yəni, tərəflərin əldə etdiyi razılıqlar, zatən Vaşinqton görüşü olmadan da əldə olunmuşdu. Tərəflər arasında dialoqun qurulması, hərbi toqquşmalara sövq edəcək addımlardan çəkinilməsi, danışıqlar masasından uzaqlaşmama kimi müddəalar üzərində razılıq var idi. Ancaq delimitasiya və demarkasiya, ərazi bütövlüyünün tanınması kimi məsələlərdə razılışma yoxdur. Biz bilirik ki, "Qarabağ münaqişə"sinin nizamlanmasında vasitəçi olmaq istəyən maraqlı tərəflər çoxdur. Burada həm fakültətiv, həm də dominant vasitəçiliyə iddia edənlər var. Amma bildiyimiz kimi burada əsas dominant vasitəçilik Rusiyaya aiddir. Bu baxımdan yekun sülh sazişinin Vaşinqton vasitəsilə əldə olunacağını ehtimal etmirəm".
Paşinyan hakimiyyəti dilemma qarşısında
Konfliktoloq qeyd edib ki, Azərbaycan tərəfinin israrlı olduğu bir digər məsələdə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.
"Ermənistan buna etiraz edir. Azərbaycan tərəfi isə öz suveren ərazisində separatçıların oyuncaq dövlətini subyekt kimi qəbul etmir. Bu, Paşinyan hakimiyyətini dilemma qarşısında qoyub. Paşinyan bilir ki, Azərbaycanın tələblərini qəbul etmək Ermənistan daxilində siyasi böhranı dərinləşdirə, yekunda isə mövcud hakimiyyətin devrilməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə Azərbaycan sülh prosesinin sürətləndirilməsini tələb edir, sülh gündəliyi ilə bağlı beş təklifdən ibarət paketi Ermənistana təqdim edib. Bu gün hər kəs sülhün olmasını istəyir, ancaq sülh deyərkən bunun konret nələri özündə ehtiva edəcəyi açıqlanmır, - deyə mütəxəssis bildirib.
İnfoqrafika: Zəngəzur koridoru
© Sputnik / Elnur Salayev
Onların Azərbaycan üçün təhlükə yaratmayacağına kimsə təminat vermir
Elman Vəliyev bunu da vurğulayıb ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qəbul edəcəklərini dəfələrlə bəyan ediblər:
"Burada problemli məqam Rusiya sülhəramlılarının məsuliyyət zonasında yaşayan etnik ermənilərlə bağlıdır. Azərbaycan Qarabağda məskunlaşmış etnik ermənilərə də özünün konstitusional hüquqlarının veriləcəyini bəyan edir. Amma bunun gələcəkdə yenidən Azərbaycan üçün təhlükə yaratmayacağına kimsə təminat vermir. İndi adı çəkilən Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Sazişi isə sülh sazişi adlandırmaq doğru deyil. Cənubi Qafqazın bu gün dünyada gedən geosiyasi proseslərdə strateji önəmi hər kəsə bəllidir. Bölgədən önəmli nəqliyyat kommunikasiya xətləri keçir, eyni zamanda Avropa üçün vacib enerji qaynaqları və ötürücüləri də bu regionda yerləşir. Bu baxımdan vasitəçilik etmək istəyən tərəflərin də öz strateji maraqlarının olması danılmazdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.