CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX İran istiqamətindən bütün sərhəd boyu narkotik intervensiyasının qarşısını inamla alır

Növbəti dəfə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Sputnik
BAKI, 6 may - Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitələrin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, may ayının 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkar olunub.
May ayının 5-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Qeyd edək ki, may ayının 3-də DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilib.
Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.