BAKI, 5 may — Sputnik. Mayın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edib. O, vurğulayıb ki, Rusiya Ukraynanın dronların Kremlə hücumuna sözlə deyil, konkret hərəkətlərlə cavab verəcək.
Bu barədə "TASS" məlumat yayıb.
Rusiyanın xarici işlər naziri, həmçinin əlavə edib ki, Kiyev Qərbdəki himayədarlarının razılığı olmadan Kremlə hücum etmək qərarına gələ bilməz. Nazir hücumun düşmənçilik aktı olduğunu vurğulayıb.
ŞƏT ölkələri Kremlə hücumu pisləyib
Lavrovun sözlərinə görə, Rusiyanın ŞƏT iclasındakı həmsöhbətlərinin, demək olar ki, hamısı insidenti pisləyib.
"Xüsusən də Pakistanın xarici işlər naziri bu terror aktını birbaşa pisləyib və həqiqətin tezliklə üzə çıxarılmasına və məsuliyyət daşıyanların müəyyən ediləcəyinə ümid etdiyini bildirib".
Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski hər şeyi edir ki, özünə hörmət edən hər hansı bir ölkə daha Kiyevlə heç bir iş görmək istəməsin.
Ukraynada münaqişənin həlli
Lavrov xatırladıb ki, Kiyevin ABŞ tərəfindən silahla təchiz edilməsinə baxmayaraq, Rusiya heç vaxt problemləri həll etməkdən imtina etməyib. Eyni zamanda, yaranmış problemləri yalnız Donbassdakı təmas xəttini "dondurmaqla" həll etmək olmaz. O, Zelenskini kukla adlandıraraq, əsl söhbətin Qərblə olacağını qeyd edib.
"Biz belə bir dialoqa çoxdan hazırıq, təkliflərimiz həm 2009-cu ildə, həm də 2021-ci ilin dekabrında verilmişdi... Qərb təkəbbürlə imtina edib, lakin bu mövzu ətrafında danışmaqdan və bütün bu problemləri həll etməkdən qaçmaq mümkün deyil", - deyə Rusiya xarici işlər naziri bildirib.
Nazir əlavə edib ki, Rusiya belə bir söhbətə hazırdır. Gec-tez bu baş verəcək, Moskvanın kifayət qədər səbri var, - deyə "RİA Novosti" xəbər verib.
ŞƏT-in gələcək perspektivləri haqqında
"TASS"ın verdiyi xəbərə görə, Lavrov vurğulayıb ki, ŞƏT ölkələri artıq öz aralarında hesablaşmalar üçün milli valyutalardan istifadəni artırırlar.
Onun sözlərinə görə, öz valyutalarında hesablaşmalar üçün Avrasiya İnkişaf Bankı, Asiya Yenidənqurma və İnkişaf Bankı və BRİKS Yeni İnkişaf Bankı çərçivəsində hazırda formalaşmaqda olan təcrübələrdən istifadə etmək olar.
"Bütün bunlar hazırda müvafiq idarələr, maliyyə nazirlikləri və mərkəzi banklar tərəfindən nəzərdən keçirilir. Bu iş gedir və onu ümumiyyətlə, dayandırmaq mümkün deyil", - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, iyun-iyul aylarında ŞƏT-ə üzv dövlətlərin başçılarının görüşü planlaşdırılır. Daha dəqiq tarix hazırda davam edən qrafiklərin hazırlanmasından sonra məlum olacaq. Lavrov hesab edir ki, həmin görüşdə geniş sənədlər paketi, siyasi bəyannamə və bir sıra bəyanatlar qəbul ediləcək. Təşkilat üzvlərinin problemlərə dair ümumi baxışı, eləcə də həm BMT-də, həm də digər strukturlarla əməkdaşlıq çərçivəsində fəaliyyətləri əlaqələndirmək istəyi var.