Mərasim mayın 6-da Vestminster abbatlığında baş tutacaq. III Karl bu abbatlıqda tac taxan 40-cı monarx olacaq. İlk tacqoyma 1066-cı ildə baş tutub və o vaxtdan etibarən 1000 ildir ki, möhtəşəm yürüşlərə və ənənələrə düzgün riayət olunur. İngiltərə mediası təntənə reqlamentini ətraflı şəkildə qeyd edirlər.
"BBC"nin məlumatına görə, mərasim Bukingem Sarayından Vestminster abbatlığında qədər təntənəli yürüşlə başlayacaq. Yürüşün bütün marşrutu boyunca müşahidə meydançaları quraşdırılır. Bu meydançalardan yürüşü izləməyə yer tapmayanlar isə yayımı böyük ekranlarda izləyə biləcəklər.
Vestminster abbatlığına gedən yürüşdə bilavasitə iki yüz hərbçi iştirak edəcək, daha min nəfər isə yürüşün marşrutu boyunca düzüləcək. Yürüşün başlaması səhər saat 6-a planlaşdırılıb. Ənənəni pozaraq Kral Karl və Kraliça Kamilla abbatlığa köhnə və heç də rahat olmayan Qızıl karetdə deyil, rahat olan dövlət karetində gedəcəklər.
Yürüşün Vestminster abbatlığına gəlişi səhər saat 11-ə planlaşdırılıb və çox güman ki, Kral əvvəlki kralların taclandırıldığı ənənəvi qısa şalvar və ipək corablar əvəzinə hərbi formada olacaq. Kralın nəvəsi Şahzadə Corc, kral reqaliyasını - tacı, qızıl kürə və skeptronu (əsa) tacqoymada təqdim edəcək. Qeyd edək ki, Böyük Britaniya hələ də öz monarxlarını taclandıran yeganə Avropa ölkəsi olaraq qalır.
Tacqoyma xidməti bir neçə hissədən ibarətdir və təxminən iki saat davam etməlidir. İlk növbədə Kral "xalq" qarşısına çıxacaq. Bu ənənə hələ Normandiya fəthindən əvvəl anglo-sakson dövrünə gedib çıxır. 700 illik tacqoyma kreslosunun yanında dayanan Kenterberi arxiyepiskopu Castin Uelbi abbatlığın hər tərəfinə dönərək Karlı "şübhəsiz kral" kimi elan edəcək, bundan sonra o, mərasimdə iştirak edənlərdən ona hörmətlə yanaşmağı və ona sədaqətlə xidmət edəcəyinə söz vermələrini istəyəcək. Toplananlar bir neçə dəfə "Allah kralı qorusun!" deyə qışqıracaqlar və hər salam isə şeypur sədaları ilə müşayiət olunacaq.
Onu da əlavə etmək lazımdır ki, tacqoyma kreslosu İngiltərədə ən qədim mebel əşyası hesab olunur. Ümumilikdə, tacqoyma zamanı bu kresloda 26 monarx oturub. Kresol İngiltərə Kralı I Edvardın əmri ilə hazırlanıb.
Bundan sonra III Karl əlini İncil kitabının üzərinə qoyaraq and içəcək və xüsusi yağla məsh etmə mərasimi keçiriləcək. Mərasimin bu hissəsi ən müqəddəsdir və çox güman ki, bu hissə ictimaiyyətə yayımlanmayacaq.
Daha sonra Krala qızıl kürə, xaçlı skeptron və göyərçinli skeptron veriləcək. Barmağına Kral ləyaqətini simvolizə edən suveren üzük taxılacaq.
Tacqoymanın ən təntənəli anı isə Müqəddəs Eduardın tacının qoyulması adlanır. III Karl həyatında ilk dəfə olacaq ki, ailə əmanətini taxacaq. Tac çox qədimidir, sonuncu dəfə 1953-cü ildə II Elizbetin tacqoyma mərasimi zamanı Kralın başında olub.
London qalasında 62, daha sonra Edinburq, Kardiff, Belfast və Kral Hərbi Dəniz Qüvvələrinin gəmiləri daxil olmaqla, ölkənin 11 ərazisində 21 atəşfəşanlıq nümayişi olacaq.
Mərasimin yekun hissəsində taxta çıxmaq olacaq: Kral tacqoyma kreslosundan qalxacaq və taxta çıxarılacaq. Ənənəyə görə, bundan sonra dəvət olunanların yaxın çevrəsində sədaqət andiçməsi oacaq. Onlar diz çökərək, "həyatlarını əsirgəmədən" Krala xidmət edəcəklərinə söz verəcəklər və onun sağ əlini öpəcəklər. Britaniya mətbuatı qeyd edir ki, bu ritualı həyata keçirən Kral ailəsinin yeganə üzvü Şahzadə Uilyam olacaq.
Əlbəttə, Kraliçanın mərasim rolu hər kəs üçün maraqlıdır. O, Krala sədaqət andı içdikdən sonra "səhnəyə" çıxacaq. Kamilla da məsh olunacaq, taclandırılacaq və taxtda çıxacaq. Ancaq kraliça and içmədiyi üçün bu, daha sadə bir mərasim olacaq.
Bundan sonra Kral və Kraliça öz taxtlarından enəcəklər və qaydalara görə Müqəddəs Eduard Kapellasına daxil olacaqlar, burada Karl Müqəddəs Eduardın tacını götürüb Britaniya İmperiyasının tacını taxacaq və bundan sonra dövlət himninin sədaları altında abbatlığı tərk edərək yürüşə qoşulacaq. Eduardın tacı növbəti tacqoyma mərasiminə qədər qalacağı London qalasına geri göndəriləcək.
Kral və Kraliça daha sonra getdikləri eyni marşrutla Bukingem sarayına qayıdacaqlar. Bu dəfə onlar 1831-ci ildə IV Uilyamın dövründən bəri hər bir tacqoyma mərasimində istifadə edilən 260 illik Qızıl karetə minəcəklər.
Rəsmi məlumatlara görə, Uels şahzadələrin üç övladı, şahzadələr Corc və Lui və şahzadə Şarlotta kortejə qoşularaq Kral və Kraliçanın karetində valideynləri ilə birlikdə Bukingem sarayına gedəcəklər.
Digər bir vacib ənənə Kral eyvanıdır, monarx və ailəsi Bukingem sarayının eyvanına çıxaraq Kral Hərbi Hava Qüvvələrinin yüzlərlə təyyarəsinin uçuşunu seyr edəcək və tamaşaçıları salamlayacaqlar. Karl və Kamilla bu ənənəni davam etdirəcəklər, lakin Kral ailəsinin hansı üzvlərinin xalqın qarşısına çıxacağı hələ açıqlanmayıb.
Kral üçün kim mahnı ifa edəcək?
Kral III Karl və Kraliça Kamilla Vestminster abbatlığında taclandırıldıqdan bir gün sonra Kral ailəsinin üzvləri "Tacqoyma Konserti" adlı xüsusi musiqi tədbirinə dəvət olunacaqlar. Tədbir Vindzor qalasında baş tutacaq. Şouda Keti Perri, Layonel Riçi, Andrea Boçelli və başqaları kimi birinci dərəcəli ulduzlar iştirak edəcəklər.
Çıxış edənlərin siyahısında qaçqın xorları da daxil olmaqla Böyük Britaniyanın hər yerindən müxtəlif xorlardan ibarət Koronasiya Xoru (Tacqoyma Xoru) da var. Bundan əlavə, konsertdə Tom Kruz, Nkuti Qatva, xanım Coan Kollinz və Bear Qrills də çıxış edəcək.
Şouda Kral və Kraliça ilə yanaşı, şahzadə Uilyam, Ketrin, Uels şahzadəsi və onların uşaqları da daxil olmaqla, Kral ailəsinin digər yüksək səviyyəli üzvlərinin də iştirak edəcəyi gözlənilir. Şahzadə Harriyə gəlincə, o, Meqansız və yalnız ilk gündə tək olaraq iştirak edəcək.
Böyük konsert demək olar ki, bütün televiziya şirkətləri və xəbər agentlikləri tərəfindən canlı yayımlanacaq.