BAKI, 5 may — Sputnik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisinin potensialı Azərbaycanın dağ-mədən sənayesinin inkişafı üçün yeni səhifə açıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu regionda yerləşən filiz yataqlarının istifadəyə verilməsi sənayedə dağ-mədən sektorunun payının böyük həcmdə artmasına təsir edəcək.
Z.İbrahimov vurğulayıb ki, "AzerGold" bütün resurslarını səfərbər edərək bu istiqamətdə aparılan siyasəti davam etdirəcək.
"İqtisadiyyatın aparıcı sahələrindən olan dağ-mədən sahəsinin inkişafında da Heydər Əliyevin töhfələri olub. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiya ilə ölkəmizin işıqlı gələcəyi təmin olunub.
Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dağ-mədən sahəsinin böyük perspektivlərini dəyərləndirən Ulu Öndər, yüksək ixtisaslı mütəxəssislərin hazırlığına xüsusi diqqət yetirib. 1969-cu ildə Heydər Əliyev sovet Azərbaycanının rəhbərliyinə gəldiyi zaman ölkəmizin qeydiyyatda olan faydalı qazıntılarının sayı çox az idi. Daha sonra mineral xammalın artırılması siyasəti ilə hazırda Azərbaycanda qara əlvan, metal filizləri, qeyri-filiz xammalı və digər növ mineral yataqların sayı 550-ni keçib", - Z.İbrahimov bildirib.