TƏHSİL

Deputat hansı müəllimlərin sertifikatlaşdırmadan azad olunacağını açıqladı

Deputat deyib ki, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz.
Sputnik
BAKI, 5 may — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında "Əmək Məcəlləsi" və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə deputat Vüqar bayramov Facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. O, bildirib ki, layihələr komitə tərəfindən dəstəklənərək plenar iclasa tövsiyyə olunub.
"Yeni dəyişikliklərə əsasən, ümum təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər", - deyə deputat bildirib.
O, iclasda çıxışı zamanı sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər verdiyini də söyləyib. Bildirib ki, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa belə meyarların sayının artırılmasına ehtiyac var. Onun sözlərinə görə, sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır:
"İkincisi, sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər".
Millət vəkili qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkiflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanin təkimilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Azərbaycanda ötən ildən başlayaraq müəllimlərin sertifikasiyasına başlanılıb. Məlumat üçün bildirək ki, keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz nəticə göstərsələr, onların əmək müqaviləsinə xitam veriləcək.
Məlumat üçün əlavə edək ki, Əmək Məcəlləsində dəyişikliyə əsasən sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək. Bu dəfə sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlanılmış müqaviləyə xitam veriləcək. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.