BAKI, 5 may — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək. İdarədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq 17 may 2023-cü il tarixində təşkil olunacaq.
Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılacaq.
Təhsilalanlara tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Xatırladaq ki, iyunun 10-da Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edəcək. Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.
Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.