DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ÜST COVID-19 pandemiyasının fövqəladə fazasının bitməsinə dair proqram qəbul edib

Qebreyesus hesab edir ki, "SARS-CoV-2"nin dövriyyəsinin aşağı salınması, ölüm, yoluxma hallarının və xəstəliyin uzunmüddətli fəsadlarının azaldılması məqsədilə diaqnostika, müalicənin genişləndirilməsi əvvəlki kimi aktualdır.
Sputnik
BAKI, 4 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə COVID-19 pandemiyasının fövqəladə fazasının bitməsinə dair və koronavirus əleyhinə tədbirlərin yoluxucu xəstəliklərin qarşısının alınması üzrə daha geniş tədbirlərə inteqrasiya olunmasında bu ölkələrə kömək etməyə istiqamətlənən ikiillik proqram dərc edib.
Proqramda qeyd olunub ki, 2023-cü il aprelindən 2025-ci ilin aprelinədək olan dövr üçün nəzərdə tutulan proqramın əsas məqsədi bütün ölkələrdə COVID-19 pandemiyasının fövqəladə fazasına son qoymaqdır.
"Bununla yanaşı əsas məqsəd COVID-19-la bağlı vəziyyətin dayanıqlı, kompleksli idarə olunmasına keçməkdir", - deyə sənəddə vurğulanır.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, "SARS-CoV-2"nin dövriyyəsinin aşağı salınması, ölüm, yoluxma hallarının və xəstəliyin uzunmüddətli fəsadlarının azaldılması məqsədilə diaqnostika, müalicənin genişləndirilməsi əvvəlki kimi aktualdır.
Baş direktor qeyd edib ki, hazırda dünyada koronavirusla bağlı həftəlik qeydə alınan ölüm hallarının sayı pandemiya başlanandan bəri ən aşağı səviyyədədir, əksər ölkələrdə həyat öz axarına qayıdıb.