BAKI, 4 may — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığı ilə bağlı müraciət edib.
İdarədən verilən məlumata görə, mayın 1-dən iyun ayının 1-dək BDYPİ Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı çərçivəsində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılır, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələri xahiş edilir.
Qeyd edək ki, ekoloji sağlamlığın qorunması üçün DYP tərəfindən mütəmadi olaraq bu cür aksiyalar keçirilir.