RUSİYA

Alimlər Arktikada kəskin iqlim dəyişikliklərinin səbəbini yeni üsulla "hesablayıblar"

Sankt-Peterburq Dövlət Universitetinin fiziklərinin gəldikləri qənaətə görə, iki həftədən çox müddətdə Yer atmosferinin parametrlərinin dəyişməsi Arktikada temperaturun kəskin dəyişməsinə səbəb ola bilər.
Sputnik
BAKI, 3 may — Sputnik. İki həftədən çox müddətdə Yer atmosferinin parametrlərinin dəyişməsi Arktikada temperaturun kəskin dəyişməsinə səbəb ola bilər.
"RİA Novosti"yə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, Sankt-Peterburq Dövlət Universitetinin fizikləri bu qənaətə gəliblər.
Atmosferin bütün qalınlığını əhatə edən atmosfer parametrlərində (təzyiq, sıxlıq, temperatur, küləyin sürəti) qlobal dalğalanmalara planet dalğaları deyilir. Belə "qabarma" və "çəkilmələr" 30 günə qədər davam edə bilər.
Sankt-Peterburq Dövlət Universitetinin alimləri riyazi modelləşdirmə metodları vasitəsilə 3-16 sutka arasında olan dövrdə bir sıra planetar dalğaların atmosferin qlobal sirkulyasiyasına təsirlərini araşdırıblar. Modelləşdirmə Təhsil və Elm Nazirliyinin meqaqrant proqramı çərçivəsində yaradılmış Sankt-Peterburq Dövlət Universitetinin Ozon qatının və atmosferin üst qatının Tədqiqat laboratoriyasında aparılıb.
Ayrıca, fiziklər atmosferdə müntəzəm olaraq müşahidə olunan, xüsusən də şimal yarımkürəsində qışda güclənən 16 günlük dövrə malik planet dalğasının töhfəsini də öyrəniblər. Belə dalğalar əvvəllər peyklərdən və radarlardan əldə edilən məlumatlardan istifadə edilməklə tədqiq edilib, lakin əvvəllər heç kim 16 günlük dalğanın planetdə küləyin sürəti və temperaturun dəyişməsinə töhfəsini təxmin etməyib.
Rəqəmsal təcrübələrin nəticələri göstərib ki, belə dalğalar stratosferdə narahatlıqlar yaratmağa qadirdir ki, bu da öz növbəsində Arktika və mülayim enliklərdə həddindən artıq istiləşmə və soyumağa səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.