BAKI, 4 may — Sputnik. Özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsə 2001-ci ildən 2021-ci ilədək ümumilikdə 5 min 190 manat zəkat vermişəm".
Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Fazil İmanquliyev deyib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi 2001-ci ildən tanıyır:
"Hərbi xidmətdən yeni gəlmişdim. Aqillə məhlədə görüşəndə həmişə dini mövzularda danışırdıq və sual verib cavablar alırdım. Hər gün 12-ci imam və onun tərəfdarları haqqında oxuyurdum. Aqil Babayev bəzi hədislərdən danışaraq mənə işarə verdi ki, 12-ci imam məhz özüdür. Mən onun imamlığını qəbul edib biyət etdim. Biz Aqil Babayevlə demək olar ki, hər gün görüşürdük. O dedi ki, malınızın 2,5 faizini zəkat verməlisən. Zəkatı təxminən 5-6 ay şəxsən özünə təqdim etmişəm, daha sonra onun təyin etdiyi Polad Mustafayevə verdim. Mən şirkətlərin birində işləyirdim, ayda 1620 dollar maaş alırdım. Aqilin yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Qeyd etdilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib".
A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş F.İmanquliyev onunla qonşuluqda yaşayıb: "Onu tanıyıram, oxuduğum məktəbin arxasındakı binada yaşayırdı. Həmin məktəbin həyətində futbol oynayırdıq. Mən heç vaxt onunla 12-ci imamla bağlı söhbətlər etməmişəm. Zəkat da almamışam. Düzdür, ünsiyyət olub, ancaq dini mövzulardan danışmamışıq. Mən onun evində olmamışam".
Daha sonra hakim Eldar İsmayılov iş üzrə dindirilməyən zərərçəkmişlər - Mehman Baxşızadə, Əli Quliyev, Heydər Cəfərov və Əli Əliyevin məhkəməyə gəlmədiklərini bildirib: "Onlar dəfələrlə məhkəməyə dəvət olunublar, lakin gəlmirlər".
Həmin şəxslərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib.
Növbəti proses aprelin 10-dək təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci imam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.