AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib

"İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq"- təbrik məktubunda qeyd edilib.
Sputnik
BAKI, 3 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Polşanın dövlət başçısı Andjey Dudaya təbrik məktubu göndərib.
Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xatırladaq ki, Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulub.
Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 23 avqust 2001-ci ildə təsis olunub. Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi isə 30 avqust 2004-ci ildə açılıb.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişlənməsində mühüm rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.