MƏDƏNİYYƏT

Olsun, ya olmasın? Telekanallarda izdivac proqramları barədə ekspertlər nə düşünür

Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputatlar bayağı verilişlərə görə telekanalları tənqid ediblər. Deputat Siyavuş Novruzov televiziyalarda yayımlanan izdivac proqramlarını sərt tənqid edib.
Sputnik
BAKI, 3 may — Sputnik. Ötən gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov televiziya kanallarında evlilik proqramlarının yayımlanmasını qeyri-etik hesab edib. Deputat qeyd edib ki, ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər:

"Yetmiş yaşında adamları efirə evləndirməyə dəvət edirlər. Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Axı televiziyada kim evlənib-boşanır? İctimaiyyətə müraciət etsinlər ki, sənə nəvən, övladın və nəticən baxır. Onlar sizdən nə tərbiyə götürəcək? Bizim dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bunu hara aprırsınız? Beş manat pul qazanırsınız, Allah qəbul eləsin, amma millətin tərbiyəsini pozmayın".

Maraqlıdır, bu cür izdivac proqramları cəmiyyətə lazımdırmı?
Sosioloq Əhməd Qəşəmoğlu izdivac proqramlarının efirdə yayımlanmasına müsbət yanaşmadığını qeyd edib:
"Bir dəfə mən ekspert olaraq, təhlil baxımından bu verilişlərə baxdım ki, nə cürdür. Hiss olunurdu ki, bir neçəsindən şou düzəldilirdi, insanları əsəbiləşdirirdilər. Digər tərəfdən də hər kəs bilirdi ki, ora bazar deyildi, sanki bazara təzə mal çıxarıblar və alıcı axtarırlar. Yəni bu cür şoularla, münasibət qurmaqla qurulacaq ailələrin az bir faizi xoşbəxt ola bilər. Onun əvəzində, bəlkə də, dediyim kimi, cəmiyyətdə belə bir tələbat, ehtiyac varsa, bu barədə başqa şəkildə işlər görülməlidir. Məsələn, hansısa klublar olmalıdır, orada məşğələlər keçirilməli, müxtəlif insanları bura cəlb etməlidirlər. Birbaşa özü gələcəkdə ailə quracağı insanı tapa bilməyən şəxslərin bu cür klublarda, mərasimlərdə tanış olması fikrimcə daha effektli ola bilər. Nəinki, kimisə ora çıxardıb qoyurlar, sanki bazar münasibətləri ilə ona müştəri axtarırlar".
Əhməd Qəşəmoğlu, sosioloq, professor
Tanınmış teleaparıcı Kamran Həsənli də sözügedən proqramları sərt tənqid edib:
"Biz efirdə 44 günlük müharibədə şücaət göstərən insanları təbliğ etməliyik. Daha nənələri, babaları ərə verməməliyik. "Babaları ərə vermək" sözünü elə-belə demədim. Bir kişi ki gəlib efirdə özünə arvad axtarırsa, ondan kişi olar? Yaşlı qadın efirə zəng edir ki, "məni alırsan?" Azərbaycanın heç bir yerində belə bir adət olmayıb. Bu sadəcə biabrıçılıqdır. Vallah Üzeyir bəy, Mirzə Cəlil, Sabir və digər mütəfəkkirlərimiz sağ olsaydılar, o verilişə çıxanların da, o verilişi hazırlayanların da üzünə tüpürərdi".
Kamran Həsənli
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirir ki, televiziyalar həmişə cəmiyyətdə tənqid hədəfi olub. O, təəssüf hissi ilə qeyd edir ki, son zamanlar televiziyaların səviyyəsi bərbaddır:

"Mənə elə gəlir ki, pandemiya dövründə müəyyən qədər söylənilən məsələləri düzəltməyə çalışırdılar. Son bir ildə sanki geriyə qayıdış var. Həmin qayıdışın da mahiyyəti ondan ibarətdir ki, ümumi proqram siyasətində şou verilişlərinin sayı artıb. Ortaya evlilik proqramları çıxıb. Əvvəlki bayağı verilişlərin dövriyyəsi biraz da artıb. Bunların da hamısı ona gətirib çıxarır ki, televiziyalarda ümumi səviyyə xeyli aşağı düşüb".

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Bəs vəziyyətdən çıxış yolu nədir?
Qulu Məhərrəmli bildirir ki, televiziya əvvəlki dövrünə qayıtmalıdır. O əlavə edir ki, istər format, istər mövzu, istərsə də kadr seçimi ilə bağlı bəlli standartlar gözənilməlidir:
"Sosial şəbəkədə qaldırılan məsələləri televiziyalar daha səviyyəli şəkildə ekranlara gətirməlidirlər. Bu millətin təhsil, səhiyyə, milli dəyərlərlə bağlı ciddi problemləri var. Bu problemlər müzakirə olunmaldır. Yalnız şou və evlilik proqramları üzərində siyasət qurmaq tamamilə yanlışdır".
Psixoloq Vəfa Rəşidova isə evlilik proqramlarının əhəmiyyətindən danışıb:
"Ən önəmli məqam odur ki, hər insan rahatlıqla ailə qura bilmir. Bunun yaxşı tərəflərini də düşünmək lazımdır. Doğrudur, evlilik proqramlarında ifrata varılan məqamlar var, insanlar bundan sui-istifadə, başqa şəkildə istifadə etməyə çalışır. Lakin insanlar da var ki, onların evlənməsi rahat şəkildə olmaya bilər. Kimsə münasibət, ailə həyatı qurmağa çətinlik çəkir. Beləliklə də bu cür izdivac proqramları hansısa insanlara bir istiqamət verə bilib".
Vəfa Rəşidova, arxiv şəkli
Psixoloq onu da əlavə edir ki, hər şey fərddən asılıdır. Bir məqam da var ki, tamaşaçı həmin evlilik proqramına hansı tərəfdən yanaşır, hansı nümunəni götürür, bu da fərdi məsələdir:

"Mən demirəm k, izdivac proqramları hökmən olmalıdır, amma əleyhinə də deyiləm. Bəzi gənclər hansısa seriala baxıb oradan elə bir gözəl nümunələr götürürlər ki, amma bəzisi də oradakı ən neqativ nümunələri götürməyə çalışır. Evlilik proqramları da bu cürdür. Evindən əyləşib evlilik proqramına baxan insan əgər məntiqli, dərrakəli insandırsa, oradan yaxşı nümunə götürəcək. Amma elə insan var ki, yalnız neqativ nümunələri götürür, sonra da bunun səbəbini proqramların üstünə atır. Heç bir proqram insan təsir edə bilməz, əgər insanın iradəsi möhkəmdirsə. Qeyd edim ki, evlilik proqramlarında xeyli sayda yaşılı insan ailə həyatı qurub və indiyə qədər də xoşbəxtdirlər, ailəlidirlər. Onlar doğru seçim edib, doğru istiqamət alıb, nəticəsi də yaxşı olub. Amma insan var ki, evlilik proqramına gedib konsert çıxardır, etmədikləri qalmırdı. Bir daha qeyd edirəm ki, bu məsələ fərdin dəyərlərinə, xarakterinə bağlıdır".

Qeyd edək ki, ölkəmizdə evlilik proqramları ilk dəfə Azad Azəraycan televiziyasında və ANS telekanalında yayımlanıb. Bunlar - ATV kanalında Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Onun yarısı" və ANS kanalında Elgiz Əkbərlə Ulvira Qarayevanın aparıcılıq etdiyi "Toy olsun" proqramları idi.
Adı çəkilən verilişlər yayımlandığı andan ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Həmin verilişlərin aparıcıları illər sonra, necə deyərlər, "köhnə arxa su gətirdilər". Həmin verilişlər başqa formatda təkrar yayımlandı. Zaur Baxşəliyevlə danışmağa müvəffəq olmasaq da, həmkarı Elgiz Əkbər artıq həmin proqramın formatının dəyişdiyini söylədi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.