BAKI, 3 may — Sputnik. "Cari əməliyyatlar hesabı bu il profisitli olacaq". Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri-neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir.
"Bu özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırıb", - AMB sədri əlavə edib.
O əlavə edib ki, Azərbaycanda uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur. AMB-nin ötən ilin sentyabr ayından başlayan faiz kanalının transmissiyası ilə bağlı siyasəti banklararası bazara nisbi də olsa təsir edir.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.
Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb. Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. Qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.