PAYTAXT XƏBƏRLƏRİ

Kür-Bakı su kəmərində yenə qəza olub, Hacıqabul, Şirvan və Biləsuvar sakinləri susuz qalıb

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb.
Sputnik
BAKI, 3 may — Sputnik. Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözü gedən rayonların və şəhərin əhalisi susuz qalıb.
Hacıqabul Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub. Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.
Qeyd edək ki, ötən gün Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə ətraf əraziləri su basıb.
Qəzaya görə Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.
(Report.az)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.