BAKI, 3 may — Sputnik. İtaliya hüquq-mühafizə orqanlarının "Ndrangeta" mafiyasına qarşı keçirdikləri əməliyyatların gedişində 108 nəfər saxlanılıb.
"La Repubblica" qəzetinin yazdığına görə, əməliyyatlar təkcə İtaliyada deyil, həm də Belçika, Fransa, İspaniya, Portuqaliya və Almaniyada keçirilib.
Saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz ticarətində, silah gəzdirmə və saxlamaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunurlar.
"Bild" qəzeti isə Almaniyanın Şimali Reyn – Vestfaliya, Bavariya, Reynland-Pfals və Saar federal əyalətlərində "Ndrangeta" mafiyasına qarşı keçirilən əməliyyatlarda azı 30 nəfərin saxlanıldığı və müxtəlif obyektdə axtarışlar aparıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, "Ndrangeta" Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığı kanallarına nəzarət edən ən güclü cinayətkar qruplaşma sayılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.