HADİSƏ

Uşağın ölümündə ittiham olunan məşqçinin barəsində həbs qətimkan tədbiri seçilib

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Sputnik
BAKI, 2 may — Sputnik. Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.