BAKI, 2 may — Sputnik. İşçilərin yarısı səhhətində yaranan problemlərə görə işdən azad edilməsi barədə ərizə yazmağa hazırdırlar və hər üç nəfərdən biri artıq tibbi səbəblərə görə iş yerini dəyişməli olub.
Bu barədə “Arqumenti i faktı” informasiya agentliyi “Renessans sığorta” qrupunun mütəxəssisləri tərəfindən aparılan sorğuya istinadən xəbər verir.
Çox vaxt bu cür qorxular bel nahiyəsində davamlı ağrı (respondentlərin 45%), ürək və qan damarları xəstəlikləri (39%), ruhi xəstəliklər, o cümlədən narahatlıq pozğunluqları və depressiya (38%) ilə əlaqələndirilir.
Üç respondentdən ikisi əminliklə bildirib ki, uzunmüddətli istirahət onlara öz formalarını bərpa etməyə kömək edəcək, qalanları isə hesab edirlər ki, onların vəziyyətində söhbət potensial tam əmək qabiliyyətini itirməkdən gedir.
Respondentlərin cavablarından belə çıxır ki, işçilərin 17%-i xroniki problemlər yaşayır. Eyni zamanda, respondentlərin 44%-i bu ilin əvvəlindən etibarən sağlamlıqları ilə bağlı narahatlıqlarının nəzərəçarpacaq dərəcədə artdığını bildirib. 42% öz xəstəliklərini işdə həddindən artıq yüksək narahatlıq və stresslə əlaqələndirir.
Rusiyalıların öz sağlamlıqlarına görə narahatlıqları nəticəsində həkimlərin iş yükü artıb. Son bir ildə terapevtlərə müraciətlərin sayı 39%, psixoloqlara - 18,3%, ginekoloq və nevroloqlara - 4,9%, dermatoloqlar və qastroenteroloqlara - 4,2% artıb. Tədqiqatçıların fikrincə, bütün ixtisaslar üzrə həkimlərlə məsləhətləşmələrin ümumi sayı dörddə bir artıb.