BAKI, 2 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.
"Azərsu" ASC-dən isə Sputnik Azərbaycan-a verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.