QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilən ərazilərdə ötən ay nə qədər mina aşkarlanıb?

Ötən ay işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
Sputnik
BAKI, 2 may — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli, 1251 saylı Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun qazandığı qələbədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirir.
Eyni zamanda ANAMA ölkə ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətlərini əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.