BAKI, 1 may — Sputnik. "Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qara dənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: "Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik".
Nazir son dövrdə görülən işlərdən də danışıb: "Bəziləri "TCG Anadolu" desant gəmisini, "Togg" milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. "ATAK-1" helikopterini istehsal etmişdik. İndi "ATAK-3"ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq". (Report)