BAKI, 1 may - Sputnik. Moskvadakı Seçenov adına Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, qığırdaq toxuması qocalmış hüceyrələr sayəsində bərpa oluna bilir, onlar bölünmə əvəzinə bərpaya “yönəlirlər”. Bu barədə Gazeta.Ru-ya universitetdən məlumat verilib.
Kəşf indiyə qədər oynaqların hərəkətliliyini məhdudlaşdıran çapıq toxumasının əmələ gəlməsi ilə müşayiət olunan qığırdaq bərpasını stimullaşdırmaq üçün terapiyanın inkişafına imkan verə bilər.
Bölünmə qabiliyyətini itirən qocalmış hüceyrələr bütün insanların orqanizmində mövcuddur. Tez-tez onların iştirakı toxumada iltihabın artması ilə əlaqələndirilir: onlar ölmürlər, amma sağlam hüceyrələrin funksiyasına mənfi təsir göstərirlər.
Alimlər yeni araşdırmada qığırdaq zədələndikdə toxumaların bərpası üçün bölünməyi dayandırmış hüceyrələrin lazım olduğunu müəyyən ediblər. Mütəxəssislər zədədən sağalmağa təsir edən parametrləri təyin edərək, dovşanların qulaq qığırdaqlarını süni şəkildə zədələyiblər.
Seçenov Universitetinin Regenerativ Tibb İnstitutunun təcrübəçi elmi işçisi Yana Vəliyeva Gazeta.Ru-ya bunları deyib:
“Məlum oldu ki, sağalmanın ilkin mərhələsində mexaniki gərginlik nəticəsində yarada yaranan qocalmış hüceyrələr regenerasiyanı sürətləndirir".
Alimlər bildirirlər ki, zədələnmə sahəsində yaranan və bölünməyən hüceyrələr öz ehtiyatlarını qığırdaqların bərpasına yönəltmək imkanına malikdirlər. Bu prosesi idarə edilə bilən hala gətirmək mümkündür.
“Əgər bizim fərziyyəmiz doğru olarsa və bərpa olunan toxumalarda tənzimləyici hüceyrələr varsa, o zaman onlar bütün patologiyalarda farmakoloji nəzarətin hədəfinə çevriləcəklər, burada məqsəd toxumanın keyfiyyətcə bərpasıdır. Bu nöqteyi-nəzərdən, ən vacib hissə zədələr və cərrahi müdaxilələrdən sonra yumşaq toxumaların bərpası olacaq”, - Seçenov Universitetinin Rəqəmsal Biodizayn və Fərdi Səhiyyə Mərkəzinin kiçik elmi işçisi Aleksey Fayzullin qeyd edir.
Tədqiqatçılar ümid edirlər ki, yeni məlumatlar qığırdaqların bərpası üçün dərmanların yaradılmasına və insanlarda anatomik strukturların bərpası üçün toxuma mühəndisliyi texnologiyalarının yaradılmasına imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.