AZƏRBAYCAN XƏBƏRLƏRİ

Leysan yağışları ölkəni ağuşuna alıb: Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Hazırda Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur.
Sputnik
BAKI, 1 may — Sputnik. "Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir: "Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".
Aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.
Saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkəç , Gürzallar, Rus Borisi kəndlərinə, saat 15:38-15:51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15:13 radələrində 12 mm olan dolu düşüb.