Məşum ADNA terrorunun 14 ili: Bir ayın gəlini necə öldürüldü?
Bir neçə gün sonra ana gəlin köçmüş qızının evinə qonaq gedəcəkdi, bu da ona qismət olmadı.
SputnikBAKI, 30 aprel — Sputnik. 30 aprel, 2009-cu il Azərbaycan tarixinə ADNA (Azərbaycan Dövlət Neft Akademiyası) terroru günü kimi düşüb. Nəticədə 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 12 nəfər terror qurbanı olub.
Onlardan biri də 1978-ci il təvəllüdlü "Biotexniki və texniki cihazlar" kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı idi. Aprel ayında ilk dəfə gəlinlik geyərək ata evindən çıxan Şəfa bir neçə gündən sonra mənzilindən kəfənlə son mənzilə yola salınır.
Aspiranturanın ikinci kurs tələbəsi olan Şəfa Məmmədovanın anası, qocaman jurnalist Xuraman İsmayılqızı qızını elə sonuncu dəfə gəlin köçərkən, aprelin 12-də görüb. Aprel ayı bu evə öncə sevinc, toy-büsat, sonra isə matəm, yas gətirib. Ana-bala eyni vaxtda məzuniyyətə çıxıb toy tədarükü görməyə, alış-veriş etməyə, evi sahmana salmağa başlayıblar. Xına gecəsi Şəfanın dediyi bir söz hələ də anasının ürəyini param-parça edir, yaddaşından silinmir: "Xına gecəsindən sonra Şəfa hər şeyi yığışdıraraq yerbəyer etmişdi. Mənə əşyaların yerini bir-bir xatırladanda qəribə hiss keçirdim. Dedim, qızım elə danışırsan ki, sanki mən səni bir də görməyəcəyəm. Həmin vaxt mətbəxdə xörək bişirirdim. Şəfa üzümə baxıb dedi, "elə həsrətimi çəkəcəksən ki...".
Anası qızının gəlin getdiyi evin qonağı olmağa hazırlaşırdı. Görüş günü də təyin olunmuşdu. Amma fələyin çərxi elə çevrildi ki...
"Heç balamın gəlin köçdüyü evə ayaq basmaq mənə qismət olmadı. Fələk onu məndən aldı", - deyir Xuraman xanım.
Hadisənin baş verdiyi gün səhər saatlarında Xuraman xanım hal-əhval tutmaq üçün qızına zəng edir. Ardıcıl etdiyi zənglər cavabsız qalır. Bir müddət sonra elə qızının mobil telefonundan ona zəng gəlir, belə bir hadisənin baş verdiyini deyirlər. Qızının baldızı Şəfanın anasını terror hadisəsi ilə bağlı məlumatlandırır:
"Oğlumla universitetə getdik, amma qızımı görə bilmədim. Artıq internetdə ölən və yaralananların adları açıqlanmışdı. Yanımda bir nəfər ucadan ölənlərin adını oxuyurdu. Qızımın adını eşitdikdən sonra nə olduğunu xatırlamıram".
Sonrakı 40 gündə də ana nəyin baş verdiyini xatırlamır. Çünki 40 gün boyunca sakitləşdirici iynələrin təsiri altında qalır. Qızının ölümü ondan nəinki gülüşünü, xoşbəxtliyini, elə sağlamlığını da alır. Şəfanın ölümündən sonra atası ürək xəstəliyi tapır, şəkərdən əziyyət çəkir, anası isə zamanla daha çox əsəbi olduğundan şikayətlənir: "Bir də görürsən ki, elə durduğum yerdə bədənim əsir. Övladım olsa da, hər zaman ondan məsləhət alırdım. Qızım yoxdur, qolum-qanadım qırılıb, tək qalmışam".
Faciəli ölüm onun elmi işini də yarımçıq qoyur. Ana deyir ki, Şəfa 50 ildir işlənilməyən bir mövzuya toxunmuşdu, səbirsizliklə onu tamamlayacağı günü gözləyirdi. Ölümündən sonra anası qızının uzun müddət üzərində işlədiyi elmi işi universitetə təhvil verir ki, hansısa tələbə bu işdən yararlanıb onu tamamlasın.
Ana qızının xaraktercə tələskən olduğunu deyir. Sanki nəyəsə zamanının çatmayacağını öncədən hiss edirmiş. Həyat yoldaşı da Şəfanın ölümü ilə uzun müddət barışa bilmir:
"Kürəkənimin adı Rahim idi. Təxminən 3 il o tez-tez mənə gəlib baş çəkdi. Şəfa ilə bir-birilərini sevərək ailə həyatı qurmuşdular. Axırda anasına dedim ki, bu tale yazısıdır, oğlunuzun günahı yoxdur, o da ailə həyatı qurmalıdır. İndi Rahim ailəlidir, övladları da var".
Xuraman xanım övladı və terror hadisəsində dünyasını dəyişən digər şəxslərin əziz xatirəsinə "Analar yanar ağlar - Amansız, zamansız ölüm" adlı kitab həsr edir. Çünki onlar təhsil aldıqları yerdə birdən-birə bu məşum terrorun qurbanı olublar: "Aralarında elə tələbələr vardı 4 il universitet binasının pilləkənlərini qalxıb-düşmüşdülər, zəhmət çəkib oxumuşdular, amma heç diplomlarını ala bilmədilər. Kaş adları tarixdə qalardı".
Universitetin müəllimi Zemfira Hüseynli isə yaralanalar arasında olub:
"Həmin gün işə könülsüz getmişdim. Hava da xoş deyildi, tutqun idi. İmtahan vaxtı dəhlizdə sükut vardı. Birdən-birə nəsə qəribə səslər gəldi. Atışma səsi eşitdim, dəhlizə çıxdım. Kafedra müdiri Ramiz Abdullayevi yerdə, qanı axmış vəziyyətdə gördüm, qışqırmağa başladım. Digər tərəfimdə dayanan şəxsə doğru çevriləndə əlində nəsə gördüm, əvvəl elə bildim ki, tələbədir, əlindəki də dəftərdir. Diqqətlə baxanda, tapança olduğunu anladım. Birinci atəşdə güllə qulağımdan girib sifətimi dağıtdı. Elə Ramiz müəllimin yanındaca yıxıldım, qanımın axdığını gördüm. Mənim ona baxdığımı görüb ikinci dəfə qoluma güllə atdı. Qanım axırdı, soyuqdan titrəyirdim. Tələbələr başıma yığışaraq üzərimə qalın jaket atırdılar. Mən isə onlara, gedin, deyirdim".
Zemfira Hüseynli terrorçunun bir deyil, bir neçə nəfər olduğunu zənn edərək tələbələri qaçmağa çağırıb.
Qeyd edək ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il 10 avqust tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.