TƏHSİL

Universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir - Millət vəkili

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ali təhsil sahəsində ciddi problemlərin, verilən diplomlara inamsızlığın olduğu bildirilib.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Universitetlərimizin bir çoxunda dərsliklərlə, proqramlarla bağlı problemlər var.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib.
O bildirib ki, universitetlərə muxtariyyətin verilməsi, dərsliklərin hazırlanması haqda təkliflər var:
"Amma maraqlıdır ki, bizim universitetlərimiz bu prosesə nə dərəcədə töhfə verə biləcək? Bu gün mərkəzdən qaçma halları və pərakəndəlik bir çox hallarda özünü göstərir".
Millət vəkili diplomlarla bağlı məsələyə də toxunub: "Təhsilin hər üç pilləsində ciddi problem var. Nazirlik bu sahələrin idarə edilməsində öz funksiyasını tam yerinə yetirmir".
"Proseslər çox ləng gedir. Fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hesab edirəm ki, ciddi işlər görülməyib. Digər tərəfdən sertifikatlaşdırma məsələsinə gəlincə, hesab edirəm ki, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir", - deyə o əlavə edib (APA).