PAYTAXT XƏBƏRLƏRİ

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş rejimdə xidmət edir

Sürücülərə ictimai nəqliyyata üstünlük vermələri, DYP əməkdaşlarının işarələrinə düzgün əməl etmələri tövsiyə olunur.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, "Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq "Bakı Şəhər Halqası"nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətində məhdudiyyətin tətbiq olunduğu müddət ərzində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər:
"Bir daha sürücülərə qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gündən aprelin 30-dək gerçəkləşəcək.