BAKI, 28 aprel — Sputnik. Rəsmi Yerevan Moskva və ya Qərb paytaxtlarında danışıqlar platformaları arasında heç bir fərq qoymur. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz yerlər arasında fərq qoymuruq, sülh prosesi gedir. Danışıqlar isə yenə eyni sülh müqaviləsi layihəsi, onun əsas məqamları ətrafında gedir", - Mirzoyan qeyd edib.
Erməni nazir bildirib ki, İrəvan sülh platformasına töhfə verən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır.
Mirzoyanın sözlərinə görə, Ermənistan hakimiyyəti üçün danışıqların harada - Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması məsələsi önəm kəsb etmir.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar müxtəlif vaxtlarda Rusiya, Çexiya və Belçikada aparılıb.