TƏHSİL

Məktəbdə qumar oynayan şagirdlərin işi polisdə araşdırılır - VİDEO

Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri məktəblərə nəzarət edə bilmirlər. Şagirdlər məktəblərdə özlərini o qədər rahat hiss edirlər ki, tədris müəssisəsində qumar oynayır, hətta bunu videoya çəkib yayırlar.
Sputnik
BAKI, 28 aprel — Sputnik. İki gün əvvəl sosial platformada Mingəçevir şəhəri, Təbiət, riyaziyyat, humanitar təmayüllü liseydə şagirdlərin oyun kartları ilə qumar oynaması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yuxarı sinif şagirdlərinin dərs saatlarında sinif otağında qumar oynadıqları əks olunub.
Sputnik Azərbaycan-a açıqlama verən Mingəçevir şəhəri Təbiət, riyaziyyat, humanitar təmayüllü liseyin direktoru Aidə İsmayılova bildirdi ki, hadisə dərs vaxtı olmayıb. Onun sözlərinə görə, həmin şagirdlər liseyin 11-ci sinif şagirdləridir. A.İsmayılova bildirib ki, sonuncu dərs başa çatanda şagirdlər video çəkmək, əylənmək üçün belə bir addım atıblar.
"Bu hadisə aprelin 13-ü də baş verib. Şagirdlərdən biri videonu "Instagram" səhifəsində paylaşıb. Video beləcə sosial şəbəkələrdə yayılıb. Şagirdlər bu videonun belə qınağa səbəb olacağını düşünməyiblər. Onların məktəbi başa vurmaqlarına iki ay qalıb. Ali məktəblərə qəbul imtahanına hazırlaşırlar. Çox güman ki, stresdən belə bir əyləncə ilə fikirlərini dağıtmaq istəyiblər. Video dərs müddətində çəkilməyib. Şagirdlər videonu dərsdən sonra çəkib evə gediblər. Polis də gələrək araşdırma apardı. Məlum oldu ki, videonun çəkildiyi vaxt dərs vaxtı olmayıb. Bizim məktəbdə çox güclü nəzarət var. Məktəbimiz ali məktəblərə qəbul imtahanında ən yaxşı nəticə göstərən təhsil müəssisəsidir. Bu hadisəyə görə, həmin şagirdlərin valideynlərini məktəbə dəvət etdik. Onlarla söhbət aparıldı".
Direktor bu hadisəni çox şişirtməyin doğru olmadığını, bunun şagirdlərin imtahan ərəfəsi psixoloji durumuna mənfi təsir göstərmə ehtimalının olduğunu bildirdi. Bildirdi ki, hazırda polisdə araşdırma davam etdirilir.
Qeyd edək ki, son vaxtlar məktəblərdə şagirdlərin davranış pozuntularını əks etdirən videolara tez-tez rast gəlinir.
Elə bu səbəbdən də bəzi ümumtəhsil müəssisələrində "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinə başlanılıb. Artıq 300-dən çox ümumi təhsil müəssisəsində bu yeni qaydalar tətbiq edilir.
Amma A. İsmayılova hazırda onlarda bu qaydaların tətbiq edilmədiyini, amma müəllimlərin növbəli şəkildə şagirdlərin davranışına nəzarət etdiyini söyləyib.
Məktəblərdə nəzarət işi zəifdir
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar oyun oynamağı sevir. Onlar bəzən oynadıqları oyunun mahiyyətinə varmırlar.
Şura üzvü bildirib ki, yayılan məlum video isə məktəblərdə şagirdlərə nəzarətin zəif olmasından xəbər verir: "Uşaqlar uşaq və yeniyetməlik dövründə kənar təsirlər nəticəsində zərərli vərdişlərə meyillənə bilərlər. Ona görə də evdə valideyn, məktəbdə isə müəllim üzərinə düşən vəzifəni düzgün icra etməlidir ki, şagirdlər zərərli vərdişlərə aludə olmasınlar. Çox təəssüf ki, məktəblərdə uşaq təhlükəsizliyi ilə bağlı iş çox zəifdir. Bəzən bununla bağlı planlar kağız üzərində qalır. Qeyd edim ki, hətta tənəffüs müddətində də uşaqlara nəzarət olunmalıdır. Biz uşaqları qorumalıyıq!".
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, bu, məktəblərdə baş verən birinci hadisə deyil. Buna bənzər hadisələr digər məktəblərdə də qeydə alınır. Buna səbəb məktəblərdə nəzarətin zəif olmasıdır:
"Bu hal göstərir ki, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri məktəblərə nəzarət edə bilmirlər. Artıq şagirdlər məktəblərdə özlərini o qədər rahat hiss edirlər ki, tədris müəssisəsində qumar oynayır, hətta bunu videoya çəkib yayırlar".
Nəinki məktəbdə, ətrafında belə qumar oyunları qadağandır!
Ekspert vurğulayıb ki, qanunla da məktəb, məktəbə yaxın ərazidə qumar, mərc oyunlarına icazə verilmir:
"Çox təəssüf ki, məktəb direktorları, regional təhsil idarələri təhsil müəssisələrində hər hansı bir monitorinq aparmır. Bu qurumlar məktəblərə nəzarət etmək əvəzinə təhsil mərkəzindən necə qazanc əldə etmək barədə düşünürlər".
K.Əsədov məktəbdə qumar oynayaraq bunu videoya çəkən şagirdlərin ciddi tənbeh olunmasını vacib sayır. Hesab edir ki, nəinki şagirdlər, hətta məktəbin direktoru, regional təhsil mərkəzinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin həmin bölgə üzrə kuratorları da bu hadisəyə görə ciddi töhmət almalı, yaxud da işdən azad olunmalıdırlar.
O, məktəblərdə qumar oyunlarının gələcəkdə şagirdlər arasında digər pis vərdişlərə meyl yaratma təhlükəsinin olduğunu da söyləyib.
Xatırladaq ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" na görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır.
Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Həmçinin şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, dərs zamanı istifadə edə bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.