BAKI, 28 aprel — Sputnik. Fransa XİN rəhbərinin Cənubi Qafqaza səfəri Azərbaycandan başladı. Bu səfər Azərbaycan-Fransa münasibətlərində gərginliyin davam etdiyi bir dövrə təsadüf edirdi. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyi və atdığı son addımlar Qərb dairələrində, xüsusən də Fransada heç də xoş qarşılanmır. Rəsmi Bakı dəfələrlə öz müstəqil siyasətini apardığını və bütün ölkələrlə bərabərtərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq niyyətini ifadə edib.
Fransa XİN rəhbərinin səfərindən gözləntilər
Azərbaycan-Fransa münasibətlərində daha bir toqquşma nöqtəsi rəsmi Parisin Azərbaycanın Laçın yolunda sərhəd keçid məntəqəsi qurmasına münasibəti oldu. Fransa XİN rəhbərinin Cənubi Qafqaza səfərindən öncə ekspertlər qeyd edirdilər ki, Bakıda keçiriləcək görüşlər Azərbaycan-Fransa münasibətlərindəki ziddiyyətli məqamların aydınlaşdırılması, problemi məsələlərdə ortaq məxrəcə gəlmək baxımından müsbət təsirə malik olacaq. Amma Ketrin Kolonnanın və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ikitərəfli görüşündən sonra mətbuata verilən açıqlamalardan da bəlli olur ki, rəsmi Bakı hələ də Fransadan ədalətli yanaşma gözləyir və işğalçı Ermənistanla torpaqları 30 ilə yaxın işğala məruz qalmış Azərbaycan arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətli münasibət gözləyir.
Rəsmi Bakının atdığı addımların Fransaya heç bir aidiyyəti yoxdur
Fransa XİN rəhbəri Bakıdan İrəvana getdi. Ermənistanda keçirdiyi görüşlərdə Laçın yolundakı vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün atıla biləcək addımlar müzakirə olundu. Bura qədər hər şeyi qənaətbəxş saymaq olar. Halbuki Laçın yolundakı vəziyyətin və Azərbaycanın atdığı son addımların Ermənistana, onun timsalında Fransaya heç bir aidiyyəti yoxdur. Rəsmi Bakı BMT tərəfindən tanınmış sərhədləri daxilində atdığı addımlara görə kimdənsə icazə almalı olmadığını dəfələrlə bildirib, Paşinyan daxil olmaqla bu məsələyə birtərəfli, qərəzli yanaşan tərəflərə daxili işlərə qarışmaması üçün xəbərdarlıq edib.
Fransanın gecikmiş təşəbbüsləri
Bu gün Fransa XİN rəhbəri Ermənistan KİV-nə müsahibəsində bildirib ki, Fransa beynəlxalq dəstək əsasında "Dağlıq Qarabağ" nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlara başlamaq istəyir. Əslində bu özü də yeni bir təşəbbüs deyil. Xatırladaq ki, bu ilin martında Azərbaycan Qarabağ erməniləri ilə Xocalıda görüş keçirib və "reinteqrasiya məsələləri" müzakirə edilib. Bundan bir müddət sonra Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Qarabağın erməni icması isə hələ ki, təmaslardan imtina edir.
Sputnik Azərbaycan Ketrin Kolonnanın Bakıya səfərinin yekunları ilə bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransanın xoşuna gəlmir
Millət vəkili Arzu Nağıyev qeyd edib ki, Fransa Ermənistandan istifadə edərək regionda yenidən nüfuz qazanmağa çalışır:
"Biz yaxşı anlayırıq ki, Fransanın burada həm iqtisadi, həm siyasi maraqları var. Azərbaycan-Ermənistan sərhədinə Aİ monitorinq missiyasının yerləşdirilməsi ilə gördük ki, onların burada həm də hərbi maraqları var".
A.Nağıyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransanın xoşuna gəlmir:
"Fransaya da məlumdur ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərə silah-sursat və terrorçu qruplar daşınır. Azərbaycan bu gün separatçıların bu yolunu da bağlayıb. Təbii ki, sərhəd keçid məntəqəsinin qurulması münaqişəni alovlandırmaq üçün əlindən gələni edən qüvvələrin planlarını alt-üst edir. Ona görə də Azərbaycanın bu addımından sonra erməni diasporunun təsiri altında olan, eyni zamanda Cənubi Qafqazda üstünlük əldə etmək istəyən qüvvələr yenidən aktiv şəkildə Azərbaycana qarşı hərəkətə keçdilər".
Fransa elə ATƏT-in Minsk Qrupunun həmsədri olanda da absurd təkliflər səsləndirirdi
Deputatın fikrincə, Azərbaycan atdığı addımlara görə kimsəyə hesabat vermək öhdəliyi götürməyib. Ermənistan isə Azərbaycandan qopara bilmədiyi istəklərini Fransa vasitəsilə əldə etmək istəyir. O baxımdan, Kolonnanın Ermənistanda səsləndirdiyi fikirlər də reallıqdan uzaq, absurd təfəkkürün məhsuludur.
"Fransa elə ATƏT-in Minsk Qrupunun həmsədri olanda da absurd təkliflər səsləndirirdi. Görünən odur ki, fransalı siyasətçilər absurd bəyanatları səsləndirməkdən imtina etmək niyyətində deyillər. Azərbaycan nəyin bahasına olursa-olsun, öz daxili siyasətini davam etdirəcək", - deyə millət vəkili fikrini yekunlaşdırıb.