BAKI, 28 aprel — Sputnik. Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik.
Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.
Bu fikirlər Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilmiş əsassız iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində əksini tapıb.
Qeyd edilib ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir.