AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Azərkosmos"un ixrac gəlirləri on üç faiz azalıb

Təkcə ötən ay "Azərkosmos" 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın aprel nömrəsində bildirilib.
Hesabata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 ölkə çox və 0,8 milyon ABŞ dolları (12,9%) azdır.
Yanvar-mart aylarında "Azərkosmos"un ixrac gəlirləri onun ümumi gəlirlərinin 80%-ni təşkil edib ki, bu da illik müqayisədə 6 faiz bəndi azdır.
Təkcə ötən ay isə "Azərkosmos" 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9 ölkə və 0,3 milyon ABŞ dolları (14,3 %) çoxdur.
3 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,2 milyon ABŞ dolları), Lüksemburq (1 milyon ABŞ dolları), Fransa (805,7 min ABŞ dolları), BƏƏ (446 min ABŞ dolları) və Almaniya (252,5 min ABŞ dolları) qərarlaşıb. (Report)