CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni çoxmənzilli binalarda xidmət haqqı nə qədər olmalıdır?

Elxan Orucov deyir ki, evlərin saxlanılması üçün mənzilin hər kv.metr sahəsinə görə bir ayda 2 qəpik tarifi ancaq dövlət və bələdiyyə binaları üçün keçərlidir.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Bakıda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında xidmət haqlarının kəllə-çarxda olması sakinlərin ən çox narahat edən problemlərdəndir. MTK-ların yaşayış binalarında xidmət haqqını öz istədikləri kimi müəyyən etməsi sakinlərin narazılığına səbəb olsa da, bina sakinləri xidmət haqlarının qiymətini dəyişmək iqtidarında deyil. Buna səbəb binaların idarə edilməsi üçün yaradılan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) MTK-ların nəzarətində olmasıdır.
Köhnə binalarda xidmət haqqı nə qədərdir?
Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti Viktoriya Əliyeva adlı Bakı sakininin özəlləşdirilmiş mənzillər üzrə xidmət haqqının məbləği ilə bağlı sorğusuna rəsmi cavab verib. Həmin cavabda bildirilib ki, Nazirlər Kabinetinin 10.03.2000-ci il qərarına əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə yerləşdiyi evlərin saxlanılması üçün mənzilin hər kv.metr sahəsinə görə bir ayda 2 qəpik müəyyən edilib. Bəs görəsən, bu qərar yeni tikilmiş çoxmənzilli binalarına da aiddirmi?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, Bakıda yeni çoxmənzilli binalarda xidmət haqqı mənzilin hər kvadrat metrinə 30-50 qəpik arasında dəyişir. Premium mənzillərdə bu məbləğ 1 manatdan başlayır.
İki qəpik tarifi yeni binalara da tətbiq oluna bilərmi?
Daşınmaz əmlak layihələrinin idarəolunması üzrə mütəxəssis Elxan Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 10.03.2000-ci il qərarına əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə yerləşdiyi evlərin saxlanılması üçün mənzilin hər kv.metr sahəsinə görə bir ayda 2 qəpik tarifi dövlət və bələdiyyə mənzil fonduna məxsus olan binalara tətbiq olunur. Onun szölərinə görə, özəl mənzil fondunda isə tariflər binanın saxlanılması xərci nəzərə alınaraq mənzillərin ümumi sahəsinə bölünərək hesablanır: " Bir çox ekspertlər bəzən vətəndaşları yanlış məlumatlandırırlar ki, vahid tarif tətbiq oluna bilər, yaxud da NK-nın sözügedın qərarı yeni tikilmiş çoxmənzilli binalara da şamil olunur. Bu düzgün deyil. Hər bir binanın özünəməxsus idarəetmə büdcəsi var. Həmin tariflər ümumi yığıncağın qərarına əsasən müəyyən olunur. Çoxmənzilli yeni yaşayış binalarında binanın saxlanılması üçün tariflər dövlət tərəfindən müəyyən olunmur".
MMMC-ləri sakinlər özləri yaratmalıdır!
Həmsöhbətimiz deyir ki, inşa edilən çoxmərtəbəli binaların idarəçiliyinin MTK-dan alınaraq sakinlərin səlahiyyətinə verilməsi ilə bağlı müvafiq qanunlar var. Belə ki, Mənzil Məcəlləsində MMMC adlanan qeyri-kommersiya qurumunun bu idarəetmədə iştirak payı müəyyən olunub. Sözügedən cəmiyyət çoxmənzilli yeni binalarda sakinlər tərəfindən formalaşdırılır. Tarif daxil bütün qərarlar da ümumi yığıncaqda sakinlərin qərarı ilə müəyyən olunaraq idarə heyyəti tərəfindən həyata keçirilir.
Mütəxəssis Elxan Orucov bildirir ki, MMMC-lərin yaradılması üçün 50+1 yetərsay imza toplanılmalıdır. Yəni, binada mülkiyyətçilərin 51 faizi həmin iclaslarda iştirak etməlidirlər. Səsvermə qiyabi və əyani formada keçirilə bilər. Amma E. Orucov bildirir ki, bir çox MTK-lar mülkiyyətçilərin xəbəri olmadan belə MMMC-ləri təsis edərək idarəçiliyini həyata keçirirlər. Onun sözlərinə görə, MMMC-lərin yaradılması üçün 51 faiz səsin necə toplandığına Ədliyyə Nazirliyi yanında Dövlət Notariat və Qeydiyyat Baş İdarəsi nəzarət edir.
"Bu İdarə qeyri-kommersiya qurumlarını qeydiyyata alan orqandır. Onlar bu prosesə nəzarət edirlər. Bu qurum MMMC- nin bina sakininin xəbəri olmadan necə təsis edildiyinə cavab verə bilər. Bunun üçün bina mülkiyyətçisi aidiyyatı quruma müraciət edə bilər" deyə E. Orucov bildirib.
MTK-lar mənzilləri satıb bir ay ərzində binanı tərk etməlidirlər, amma...
Həmsöhbətimiz deyir ki, hazırda Bakıda binaların əksəriyyətinin idarəçiliyini həmin binanı inşa edən MTK-lar həyata keçirir. Elə MMMC-lərin idarə heyyətinin sərdi və üzvüləri də köhnə idarəedicilər olur. Onlar binanı tikən inşaat şirkətlərinin yaxın adamları olur.
Mütəxəssis bildirir ki, prezident 2018-ci ilin 18 noyabr tarixində çoxmənzilli binaların istismara qəbulunun sürətləndirilməsi ilə bağlı fərman imzalanıb. Mənzil Məcəlləsinə 2019-cu ildə edilmiş dəyişikliklə binada yaşayan sakinlərin 50 faizinə mülkiyyət hüququ verilibsə MTK 6 ay ərzində ləğv olunmalı idi. Prezidentin müvafiq sərəncamından sonra isə MTK-ların ləğv olunma müddəti 1 aya endirilib. Yəni binanı inşa edən şirkət 1 ay ərzində ləğv olunalaraq yaşayış kompleksini tərk etməlidir. Bundan sonra binanın idarəedilməsi mənzil mülkiyyətçilərinin səlahiyyətinə verilməlidir. Amma illərdir Bakıdakı çoxmənzilli yeni yaşayış binalarını onu inşa edən şirkətlər idarə edir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də deyir ki, yeni çoxmənzilli binalarda yaşayan sakinlər idarəetmə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti qurmalıdırlar. Bunun üçün İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinə müraciət etməlidirlər. Orada nizamnamə hazırlanıb, təsdiqlənir. Ədliyyə Nazirliyinə göndərilir və qeydiyyata alınırlar. Yığılan kommunal pullarla da binanı idarə edirlər.
E. Fərzəliyev bildirib ki, bundan sonra sakinlər toplanaraq binanın saxlanma xərci üçün aylıq tarifi müəyyən etməlidirlər. Sakinlərin hüququ var ki, bu tarifə etiraz edərək, onun miqdarını azaldıb yaxud da artırsınlar.