BAKI, 27 aprel — Sputnik. Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO modeli (tik - sahib ol - işlət, "build-own-operate") üzrə həyata keçirilən dünyada ilk AES layihəsidir və tamamilə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.
Cümə axşamı, aprelin 27-də Türkiyənin "Akkuyu" ilk atom elektrik stansiyasına nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək.
Tədbirdə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın videokonfrans vasitəsilə iştirakı planlaşdırılır.
Stansiya Türkiyənin cənubunda, Mersin vilayətində Aralıq dənizi sahilində yerləşir. AES-in tikintisinə ən yaxın yaşayış məntəqəsi Gülnar rayonunun Böyükəcəli kəndidir.
Qeyd edək ki, Rusiya Federasiyası hökuməti ilə Türkiyə hökuməti arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. Həmin ilin dekabrında Rusiya tərəfi Türkiyədə "Akkuyu Nüklear" ASC layihə şirkətini təsis etdi və bu şirkət uzunmüddətli müqavilə çərçivəsində stansiyanın layihələndirilməsi, tikintisi, xidməti, istismarı və istifadədən çıxarılması üzrə öhdəlikləri öz üzərinə götürdü.
Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO (tik - sahib ol - işlət, "build-own-operate") modelinə əsasən həyata keçirilən dünyada ilk atom elektrik stansiyası layihəsidir. O, 100 faiz Rusiya tərəfi tərəfindən maliyyələşdirilir. "Rosatom" layihədəki 49%-ə qədər payını digər investorlara satmaq hüququna malikdir.
Atom elektrik stansiyası layihəsinə Rusiyanın "Təzyiqli su reaktoru-1200 nəsil "III+" reaktorları ilə dörd enerji bloku daxildir. Dörd reaktorun ümumi gücü 4800 MVt olacaq.
İstifadəyə verildikdən sonra AES-in ildə, təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. "Akkuyu" AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir.
"Akkuyu" AES-in birinci enerji blokunun tikintisinə 2018-ci ilin aprelində, ikincisinə 2020-ci ilin aprelində, üçüncüsünə 2021-ci ilin martında, dördüncüsünə isə 2022-ci ilin iyulunda başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.