BAKI, 27 aprel — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həmvətənlərini dövlət - qazax dilini öyrənməyə çağırıb və dil zəminində pozuntulara qarşı çıxış edib. Qazaxıstan Prezidenti dili mənimsəmək istəyinin gündəlik normaya çevriləcəyinə ümid etdiyini bildirib.
"Siyasətimizin strateji istiqaməti dövlət dilini bütün vətəndaşların mənimsəməsidir. Qazax dili vətəndaş inteqrasiyası, mədəni-mənəvi birliyin təcəssümü üçün effektiv vasitədir. Eyni zamanda qazax dili elmi tərəqqinin və təhsilin ən yaxşı nailiyyətlərinin tətbiqi üçün bir vasitəyə çevrilməlidir", - deyə o, Qazaxıstan Xalqlar Assambleyasının sessiyasında bildirib.
Tokayevin sözlərinə görə, bu, təkcə aidiyyəti nazirliklər tərəfindən deyil, bütün cəmiyyət tərəfindən tələskənliyə yol vermədən, ehtiyatlı və mütərəqqi addımlarla həll edilməli olan tarixi vəzifədir.
"Dövlət dilini öyrənməyən, lazımi səviyyədə bilməyən vətəndaşlar heç bir halda linqvistik prinsipə xələl gətirməməlidirlər. Eyni zamanda, cəmiyyətimizdə dövlət dilinin öyrənilməsi, ona yiyələnmək istəyi var və bu gündəlik normaya çevrilməlidir", - deyə o vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, qazax dili o zaman populyarlaşacaq ki, ona tələbat artacaq.
"Son nəticədə müxtəlif dilləri bilmək hər bir insanın mədəniyyətinin əlamətidir. Dövlət dilini, xüsusən də doğma qazax dilini mənimsəmək bu və ya digər vətəndaşın nə qədər mədəni inkişaf etdiyini, vətəndaşlıq səviyyəsinin nə qədər inkişaf etdiyini göstərir", - prezident əlavə edib.
Onun sözlərinə görə, ümumiyyətlə, dövlət dili ətrafında müsbət ab-havanı qoruyub saxlamaq lazımdır, anlamaq lazımdır ki, dil məsələsi ilə bağlı bütün müzakirələr etnik deyil, sivil və siyasi xarakter daşıyır.
Xatırladaq ki, Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin Dil Siyasəti Komitəsi 2023-2029-cu illər üçün Qazaxıstan Respublikasında dil siyasətinin inkişafı Konsepsiyasını təsdiq edib.
“Bu, qazax dilinin linqvistik mühitdə dominant mövqeyinin güclənməkdə davam etdiyini sübut edir. Hazırda 2021-ci il Milli Əhalinin Siyahıyaalınmasının nəticələrinə əsasən, qazax millətinin nümayəndələrinin xüsusi çəkisi 70,4 faizə çatıb. Bu o deməkdir ki, monoetnik dövlət formalaşır. Belə bir demoqrafik vəziyyət qazax dilinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı intensiv iş tələb edir”, - mətndə deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.