RUSİYA

Rusiya Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı işləri davam etdirir - RF XİN

Zaxarovanın fikrincə, Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı bu münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxarır.
Sputnik
BAKI, 27 aprel - Sputnik. Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı münasibətlərin daha da kəskinləşməsinə səbəb olur. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolu ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün Rusiya tərəfinin səyləri barədə məlumat verib.

"Hazırda həm yerdəki Rusiya sülhməramlı kontingenti, həm də siyasi xətt vasitəsilə Laçın yolu ətrafında yaranmış vəziyyətin nizamlanması üçün lazımi səylər davam etdirilir", - deyə Zaxarova brifinqdə bildirib.

“Biz rəsmi Yerevanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik” deyən Zaxarovanın sözlərinə görə, Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı bu münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxarır.
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Cənubi Qafqaz ölkələrinə səfərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Qərb ölkələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında həmişə iştirak etdiklərini bəyan edirlər.
"Lakin biz onların bu istiqamətdə fəaliyyətinin konstruktiv olmadığını görürük”, - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.