BAKI, 27 aprel — Sputnik. Cari ilin 1-ci rübündə 13-ü oğlan, 15-i qız olmaqla 28 uşaq övladlığa götürülüb. Sputnik Azərbaycan-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb.
Son 3 ayda həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb.
Xatırladaq ki, 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-si 12-18 yaş aralığında olanlardır.
Məlumat üçün qeyd edək ki, "Himayədar ailə" modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.
"Himayədər ailə" modelində əsas məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.